21 oktyabr 2026
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxs” elan edərək onların ölkəyə girişini qadağan edib. Siyahıda Türkiyə parlamentinin iki deputatı, siyasi partiya rəhbərləri, jurnalistlər, ilahiyyatçılar və ictimai fəallar var.
Bu barədə oktyabrın 21-də XİN-dən məlumat verilib.
Nazirliyin iddiasına görə, həmin şəxslər sosial şəbəkələrdə və internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna və ölkə rəhbərliyinə qarşı açıqlamalar yayıblar. Qurum onların hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa və dini nifrətin qızışdırılmasına yönəlmiş çağırışlar etdiklərini bildirir.
Lakin XİN qərara əsas olan konkret paylaşımları və açıqlamaları təqdim etməyib.
Azərbaycana girişi qadağan edilən şəxslər bunlardır:
Ahmet Barış İyison – “İyison Medya” şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri;
Cem Özyurt – bloqer;
Akın Duru – TV8 və “Acunmedya” əməkdaşı;
Dursun Eker – jurnalist;
Adem Özköse – jurnalist, siyasi şərhçi və yazıçı;
Muhammed Emin Yıldırım – “Köklü Değişim” media qrupunun İstanbul təmsilçisi;
Cüneyt Sezer – bloqer, sosioloq və siyasi şərhçi;
Serhat Koyuncu – ictimai xadim;
Mikail Ayyıldız – dini mövzularda yazıçı və araşdırmaçı;
Ahi Aratoğlu – yazıçı, şair və sosioloq;
Muharrem Çavuş – hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Boğaziçi gənclər təşkilatının keçmiş sədri;
Fatih Erbakan – “Yeniden Refah” Partiyasının sədri, Türkiyə parlamentinin deputatı;
Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini;
Aydın Binboğa – iqtisadçı və siyasətçi;
Hakkı Eren – “Köklü Değişim” jurnalının əməkdaşı;
Sait Seyitoğlu – HÜDA PAR-ın Batman təşkilatında maliyyə və inzibati məsələlər üzrə rəhbər;
Mehmet Boynukalın – Marmara Universitetinin ilahiyyat professoru;
Okan Aytaş – jurnalist, “Finansopia Medya” şirkətinin sahibi;
Mert Armağan – jurnalist;
Yaşar Yavuz – “Yeni Şafak”, “Diriliş Postası” və “Referans” nəşrlərinin jurnalisti;
Ahmet Sırrı Arvas – şair, jurnalist və yazıçı;
Yusuf Kaplan – yazıçı və jurnalist;
Erdinc Teğmen – “Erte Medya”nın sahibi;
Ahmet Çakar – idman şərhçisi və keçmiş futbol hakimi;
Halil Atakan Ay – ilahiyyatçı;
İsmail Kılıçarslan – TVNET və “Yeni Şafak”ın əməkdaşı;
Murat Şahin – “Akit TV”nin aparıcısı;
İrfan Kaya Ülger – “Akit TV”nin aparıcısı;
Fatin Dağistanlı – “Akit TV”nin aparıcısı;
Ömer Ulutaş – “Toprak” Partiyasının sədri;
Ömer Faruk Gergerlioğlu – DEM Partiyasından Türkiyə parlamentinin deputatı.
XİN bildirib ki, Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da oxşar tədbirlər görüləcək.
Qərar Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq edilən məhdudiyyətlərin Türkiyədə müzakirələrə və etirazlara səbəb olduğu dövrdə açıqlanıb.
Bundan əvvəl, oktyabrın 19-da Baş Prokurorluq Türkiyədə yaşayan daha yeddi nəfəri beynəlxalq axtarışa verib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi onların barəsində qiyabi həbs qərarı çıxarıb.
Həmin şəxslər “Haksöz” jurnalının müəllifi Rıdvan Kaya, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran, “Analiz Merkezi”nin təsisçisi Fatih Tezcan, hüquqşünas Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, Abdurrahman Tumer və Alparslan Tanrıkuludur.
Onlar Cinayət Məcəlləsinin 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə təkrar açıq çağırışlar), 283.2.1 (dini nifrət və düşmənçiliyin zor tətbiq etməklə qızışdırılması) və 167-3.1-ci (dini ekstremist fəaliyyətə çağıran materialların hazırlanması və yayılması) maddələri ilə ittiham olunurlar.
Baş Prokurorluğun iddiasına görə, həmin şəxslər sentyabrın 25-dən oktyabrın 18-dək sosial şəbəkələrdə hakimiyyətin zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına yönəlmiş çağırışlar yayıblar. Qurum həmçinin oktyabrın 3-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, oktyabrın 13-də isə Ankaradakı səfirliyi qarşısında keçirilən aksiyalardakı çıxışları ittihama əsas kimi göstərib.
Lakin prokurorluğun açıqlamasında ittihamlara əsas olan konkret ifadələrdən nümunələr təqdim edilməyib.
Axtarışa verilən şəxslərdən üçü qərara münasibət bildirib.
Zəkəriyyə Cəran “X” hesabında yazıb ki, barəsindəki qərar Azərbaycanın Ankaradakı səfirliyi qarşısında hicab qadağasına etiraz aksiyasında etdiyi çıxışla bağlıdır. O, məhdudiyyətlərə məruz qalan şəxsləri dəstəkləməyə davam edəcəyini bildirib.
Fahrettin Taşkaya Saral da Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmamasını tənqid etdiklərinə görə cinayət təqibi ilə üzləşdiklərini deyib.
Alparslan Tanrıkulu isə qərara belə münasibət bildirib:
“Əliyev, mübarizəmizdən dönməyəcəyik. Hicab adı altında İslamı ayaqlar altına atmağına imkan verməyəcəyik”.
Bundan əvvəl, oktyabrın 16-da Baş Prokurorluq Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçini də oxşar ittihamlarla beynəlxalq axtarışa verib. Çiftçi sosial şəbəkələrdə Azərbaycanda hicablı şagird və müəllimlərə tətbiq edilən məhdudiyyətləri və ölkə rəhbərliyini tənqid etmişdi.
Son həftələr Azərbaycanın bir sıra məktəblərində hicablı şagirdlərin dərsə, bəzi müəllimlərin isə işə buraxılmaması ilə bağlı şikayətlər yayılıb.
Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarına dəyişiklik etməsindən sonra baş verib. Qərarda hicabın qadağan olunması birbaşa göstərilməsə də, bəzi məktəblərdə sənəd dini geyimlərin qadağan edilməsi kimi tətbiq olunur.

























Yorumlar